REGİONLAR
İtaliyalı və kanadalı turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Qəbələ, 9 may, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələyə gələn yerli və xarici turistlər rayon ərazisində rayon mərkəzindən 18 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşən Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna da səfər etməyə maraq göstərirlər. Qoruğun qapıları ilin bütün fəsillərində, istirahət və bayram günlərində ziyarətçilərin üzünə açıqdır. Bu günlərdə İtaliya və Kanadadan gələn turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfər edib, ərazidə yerləşən Arxeoloji Mərkəzlə tanış olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
İtaliyalı və kanadalı qonaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar. Burada nümayiş etdirilən tarixi-mədəni irsimizə aid eksponatlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Qonaqlar, həmçinin Qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də yaxından tanış olublar. Onlara burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi əhəmiyyət kəsb edən tapıntılar barədə ətraflı məlumat verilib.