DÜNYA
İtaliyanın Baş naziri Paolo Centiloni əməliyyat olunub
Bakı, 11 yanvar, AZƏRTAC
İtaliyanın Baş naziri Paolo Centiloni angioplastika – daralmış və tıxanmış periferik damarların bərpası üzrə əməliyyat keçirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İtaliya hökumətinin başçısı işgüzar səfərə getdiyi Parisdən qayıtdıqdan sonra özünü narahat hiss edib və təcili olaraq Romanın “Gemelli” xəstəxanasına çatdırılıb. Burada ona damar plastikası üzrə cərrahi müdaxilə tövsiyə olunub. ANSA agentliyinin məlumatına əsasən, əməliyyat uğurla başa çatıb. Hazırda Baş nazir özünü yaxşı hiss edir.
Xatırladaq ki, 62 yaşlı Centiloni ötən ilin sonlarında Matteo Rensinin istefasından sonra Prezident Serco Mattarelladan müvafiq mandat alaraq baş nazir postuna təyin olunub. Buna qədər o, İtaliyanın Xarici İşlər Nazirliyinə başçılıq edib.
Yanvarın 12-də Centiloninin Londona səfəri və britaniyalı həmkarı Tereza Mey ilə görüşü planlaşdırılıb. Baş nazirin dəftərxanasından görüşün ləğv edilməsi ilə bağlı məlumat verilməyib.