CƏMİYYƏT
İtaliyanın Merano şəhərinin meri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Bakı, 3 oktyabr, AZƏRTAC
İtaliyanın Merano şəhər meriyasında Azərbaycan icmasının rəhbəri ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı “ECN Mədəniyyət Assosiasiyası”nın sədri Mehriban Ağayeva şəhər meri Dario Dal Medikoya Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verib. Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı, 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın beynəlxalq hüquq normalarına uyğun işğaldan azad olunduğu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi, hazırda isə Azərbaycan dövlətinin Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün təmin olunması naminə ciddi səylər göstərdiyi bildirilib.
Görüş zamanı Bakı və Şuşaya fotoekskurs edilib, Azərbaycanın füsunkar təbiətindən, turizm potensialından və Merano merinin xüsusi maraq göstərdiyi Qarabağ atlarından danışılıb.
Dario Dal Mediko ətraflı məlumata görə soydaşımıza minnətdarlığını bildirib, yaxın zamanda ölkəmizi ziyarət etmək istəyini ifadə edib.
Sonra “ECN Mədəniyyət Assosiasiyası”nın fəaliyyət istiqamətləri, qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə edilib.
Görüşün sonunda şəhər merinə Azərbaycanın zəngin mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.