QAN YADDAŞI


İtaliyanın “Periodico Italiano Magazine” jurnalında Xocalı soyqırımı barədə məqalə dərc olunub

Roma, 13 mart, AZƏRTAC

İtaliyanın “Periodico Italiano Magazine” jurnalında Domeniko Letisiyanın “Dürdanə Ağayevanın faciəvi hadisələrə şahidliyi və ədalət uğrunda mübarizə” adlı məqaləsi dərc olunub.

Məqalədə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş, bəşər tarixinin ən qanlı qırğınlarından biri olan Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevadan və onun Xocalıdakı erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması işinə töhfəsindən bəhs olunur. Müəllif D.Ağayevanın hazırda Qafqazda və dünyada sülhün bərqərar olması uğrunda mübarizə aparan fəal olduğunu, Xocalı soyqırımından sağ çıxmış insanlar üçün ədalətin bərpa edilməsi, soyqırımı qurbanlarına psixoloji dəstək vasitəsilə gələcək üçün ümid və qüvvə tapmaqda yardım göstərilməsi üçün bütün gücü ilə çalışdığını, həmçinin bir çox siyasi şərhçilərin azərbaycanlılara qarşı törədilmiş əsl soyqırımı kimi səciyyələndirdiyi bu faciənin unudulmaması üçün səy göstərdiyini vurğulayır.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində aralarında 106 qadın və 63 uşaq olan 613 nəfər mülki şəxsi qətlə yetirdiyi, 25 uşağın hər iki valideynini itirdiyi və 8 ailənin tamamilə məhv edildiyi bildirilir. Həmin dəhşətli gecədən sağ çıxmış D.Ağayevanın Xocalı soyqırımı zamanı yaşadığı ağır hadisələr və bu hadisələrin onda buraxdığı psixoloji zərbələrə dair Qərb mətbuatına verdiyi müsahibədən sitatlar gətirilir. Qeyd olunur ki, D.Ağayeva müsahibəsində Ermənistan qoşunlarının Xocalıda bəşəriyyətin ən dəhşətli kütləvi qırğınlarından birini törədərkən cəmi 20 yaşı olduğunu və erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü, əsirlikdə çox təhqiramiz işgəncələrə məruz qaldığını, hətta əsirlikdən xilas olduqdan sonra da uzun müddət psixoloji sarsıntı keçirdiyini bildirib. O, müsəlman qadını kimi erməni əsirliyində olarkən məruz qaldığı işgəncə və alçalma halları barədə ictimaiyyətə bir söz deyə bilmədiyi üçün ürəkağrısı çəkdiyini, lakin sonradan başına gətirilən müsibətləri bölüşməklə rahatlıq və şəfa tapacağını anladığını bildirib, 2015-ci ildən Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya daha geniş çatdırılması istiqamətində fəaliyyətə başladığını vurğulayıb.

Məqalədə ilk dəfə olaraq D.Ağayevanın Xocalı qırğını barədə fikirlərini bölüşmək üçün Los-Ancelesdə yəhudi icmasının liderləri və üzvləri ilə görüşdüyü bildirilir. Müəllif Holokost və Xocalı soyqırımı arasında paralellik aparır.

Müəllif Dürdanə Ağayevanın məruz qaldığı ağrı-acıları psixoloji dəstək sayəsində aşaraq, öz əhvalatlarını bölüşməsini müharibə və faciə qurbanları olan digər qadınların psixoloji sarsıntılardan azad olaraq yenidən normal həyata qayıtmaları üçün stimul hesab edir və bu xüsusda onun aşağıdakı sözlərinə istinad edərək müharibə qurbanları olan qadınların sülh carçılarına çevrildiklərini vurğulayır: “Mən əvvəl düşünürdüm ki, başıma gələnləri heç vaxt bölüşə bilmərəm, lakin indi anlayıram ki, bunları ictimaiyyətə açıqlamaqla mən böyük bir hərəkatın yaradıcına çevrilirəm və yalnız özümə deyil, bütün dünyaya şəfa tapmaqda kömək edirəm. Mən digər sağ qalanların, dünyada nifrət və zülm görmüş bütün insanların vahid bir cəbhədə birləşməsinə ümid edirəm”.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.