MƏDƏNİYYƏT
İtaliyanın Sartirano yarmarkasından satın alınan Azərbaycan xalçalarının təqdimatı olub
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Milli İncəsənət Muzeyində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubiley tədbirinin və İtaliyanın Sartirano yarmarkasından satın alınan Azərbaycan xalçalarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın məşhur Sartirano yarmarkasında satışa çıxarılan XVII-XIX əsrlərə aid elmi, bədii, tarixi, muzey əhəmiyyəti kəsb edən Qarabağ və Quba xalça qrupuna aid 3 ədəd unikal Azərbaycan xalçası Mədəniyyət Nazirliyi tərəfindən satın alınaraq öz doğma vətəninə qaytarılıb.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ilk olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə hər kəsi təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması, dünyaşöhrətli muzeylərdə qorunan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici hərrac və auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq ölkəmizə geri qaytarılması istiqamətində mühüm işlər görülüb. Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın düşmən işğalından azad edildiyi bu tarixi dövrdə məhz Qarabağ xalçalarının öz vətəninə qaytarılması tariximiz və mədəniyyətimiz üçün mühüm hadisədir.
“Qarabağın ən məşhur xalçalarından biri olan “Çələbi” xalçası Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına, Quba xalçası isə Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edilir. Qarabağ xalça qrupuna aid olan digər orijinal xalça isə kolleksiyalarının zənginləşdirilməsi məqsədilə bədii inciləri nəsillərdən-nəsillərə ötürən qiymətli mədəniyyət xəzinəsi olan Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə olaraq təhvil veriləcək.
Mədəniyyət Nazirliyi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin nadir incilərindən olan Qarabağ xalçalarının öz doğma vətəninə qaytarılması istiqamətində işləri davam etdirəcək”, - deyə A.Kərimov vurğulayıb.
Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Taryel Abbasov muzey haqqında məlumat verərək deyib: “Bugünkü tədbirimiz xüsusilə əlamətdardır. Çünki düşmən üzərində qazandığımız parlaq qələbə nəticəsində 30 ilə yaxındır qürbət həyatı yaşayan Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi artıq öz yurd-yuvasına qovuşub. Muzeyin yaranmasının 40-cı ildönümünün zəfər çaldığımız bu ilə təsadüf etməsi bizim üçün ikiqat sevincdir”.
1993-cü ildə Cəbrayıl rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı muzeyin eksponatlarının böyük çətinliklə oradan çıxartdıqlarını söyləyən Taryel Abbasov həmin günləri xatırlayıb: “Muzey əməkdaşlarının səyi nəticəsində eksponatların məhv olmasına imkan verilməyib. Əvvəlcə eksponatlar Beyləqan rayonuna daşınıb, ancaq ora mərmilər düşdüyü üçün təxliyə edilərək Azərbaycan İstiqlal Muzeyində yerləşdirilib. Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı eksponatlarının böyük əksəriyyətini xilas edən yeganə muzeydir. Belə ki, ümumilikdə o dövr üçün mövcud 17 mindən çox eksponatın təxminən 16 min ədədi xilas edilib. Muzey kollektivinin səyi nəticəsində bu günədək muzeyin eksponatlarının sayı artırılaraq 19291 ədəd təşkil edib”.
Qeyd edib ki, muzeyin əməkdaşları daim fondun komplektləşdirilməsi işini davam etdirir, respublika və nazirlik səviyyəsində təşkil edilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər. Onlar işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Cəbrayılın işğal tarixini, etnoqrafiyasını, mədəniyyətini əks etdirən Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin Cocuq Mərcanlı filialının yaradılmasında da yaxından iştirak ediblər.
Tədbirdə muzeyin əməkdaşlarının yorulmaz fəaliyyətini, əldə etdikləri nailiyyətləri, qürbət həyatı yaşamalarına baxmayaraq daima muzeyin kolleksiyalarının zənginləşdirilməsi üçün çalışdıqlarını nəzərə alaraq nazirlik tərəfindən onların hər biri pul mükafatı və fəxri fərman ilə təltif edilib.
Sonda Cəbrayıl rayonu, onun tarixi-memarlıq abidələri və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi haqqında məlumatı əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyinə həsr olunan sərgi pandemiya ilə əlaqədar izləyicilərə virtual formatda www.museum.az saytı vasitəsilə təqdim ediləcək.