DÜNYA
İtaliyanın Trentino əyalətindən 130 ailə Avstriyada sığınacaq almaq niyyətindədir
Vyana, 10 iyun, AZƏRTAC
İtaliyanın Avstriya ilə sərhəddə yerləşən Trentino (Cənubi Tirol) əyalətindən 130 ailə Avstriyadan sığınacaq istəmək niyyətindədirlər.
Bu ilin sentyabr ayından etibarən İtaliyada bütün uşaqlar üçün peyvənd icbari olacaq və bu qərar ölkədə bir çox peyvənd əleyhdarlarının ciddi etirazına səbəb olub. Yeni qaydaya görə, peyvənd edilməmiş uşaqlar bağça və məktəbə buraxılmayacaqlar. Hökumətin bu qərarı ölkənin müxtəlif ərazilərində etiraz aksiyalarına səbəb olub.
İtaliyanın Avstriya ilə həmsərhəd olan və əhalisinin əksəriyyətinin əslən avstraliyalılardan ibarət olunduğu Trentino vilayətində bir qrup ailə yaranmış vəziyyətdən çıxış yolunu mühacirət etməkdə görür. Onlar İtaliyanın Prezidenti Sercio Mattarellaya, Avstriya Prezidenti Aleksander Van der Bellenə və BMT-nin İnsan Haqları Şurasına ünvanladıqları yazılı müraciətdə övladlarının “zəhərlənməsinə” icazə verməyəcəklərini, ailə üzvlərinin immunlaşdırılmasına qəti etiraz etdiklərini və buna görə də Avstriyadan sığınacaq istəyəcəklərini bəyan ediblər.
“Cənubi Tirol ekoloji uşaq hüquqları” valideyn təşəbbüsünün fəali Raynhold Holtser mətbuata verdiyi açıqlamada bildirib ki, yalnız müharibədən qaçan insanlar deyil, öz hüquqlarının pozulmasına etiraz edən insanların da sığınacaq üçün müraciət etmək hüququ vardır.
Qeyd edək ki, bu həftə İtaliya Prezidenti S.Mattarellanın imzaladığı hökumət dekretinə əsasən, növbəti tədris ilindən (bu ilin sentyabr ayından) başlayaraq uşaqlar, ümumilikdə, 12 xəstəliyə qarşı peyvənd edilməlidirlər. Peyvənd edilməmiş uşaqlar tədris müəssisələrindən kənarlaşdırılmaqla yanaşı, onların valideynlərini 7500 avroyadək cərimə də gözləyir.
Peyvənd əleyhdarları iyulun 8-də Pesaro şəhərində milli etiraz mitinqi keçirmək niyyətindədirlər. Onlar hökuməti iri farmasept lobbisinin xidmətində durmaqda ittiham edir və Avropanın əksər ölkələrində peyvəndin icbari xarakter daşımadığını əsas gətirirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana