SİYASƏT
İtaliyanın Trento şəhərində keçirilən tədbirdə Ermənistan-Azərbaycan münaqişəsi barədə danışılıb
Bakı, 12 oktyabr, AZƏRTAC
İtaliyanın Trento şəhərində “Il Nodo di Gordio” beyin mərkəzi tərəfindən dərc edilmiş “Arqonavtların torpağı: Trentino-Alto Adice muxtariyyəti xalqların birgə yaşaması üçün bir model kimi” adlı kitabın təqdimatına həsr olunan tədbir keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, kitabda Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna da yer verilib. Nəşrdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın “ATƏT-in vasitəçilik təşəbbüslərinin panoraması: Dağlıq Qarabağ münaqişəsi” adlı məqaləsi, həmçinin bir sıra italyan tədqiqatçılarının da mövzu ilə bağlı yazıları dərc edilib.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın keçdiyi müstəqillik yolundan danışıb. O, diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə yönəldərək problemin tarixi, siyasi və hüquqi aspektlərindən danışıb. Beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul olunan sənədlər və münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə məlumat verib.