SİYASƏT


İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Ermənistanın təxribatını pisləyən yazılar dərc olunub

Roma, 13 iyul, AZƏRTAC

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində, o cümlədən nüfuzlu “İl Giornale” qəzetinin “İnside Over İtalia” analitik-xəbər portalı, “Askanews”, “Agenzia Nova”, “Yahoo Notizie”, “Finanze Yahoo”, “Notizie Geopolitiche”, “TGCom24Mediaset”, “European Affairs”, “EurosiaNews”, “Giornale Diplomatico” kimi qəzet, xəbər agentliyi və analitik-informasiya portalları Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarına dair yazılar dərc ediblər.

AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycanın İtaliyadakı Səfirliyinin mətbuata açıqlaması əsasında Ermənistanın təxribatları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin müvafiq mətbuat bəyanatlarına istinadən fikirlər əksini tapıb.

Eləcə də İtaliyanın nüfuzlu parlamentarları Senatın Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında Nümayəndə Heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldinin mövzu ilə bağlı bəyanatlarına istinad edilir. Yazılarda parlamentarilərin bəyanatlarında Ermənistanın təxribatlarını pislədikləri, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin vacibliyini bildirdikləri, eyni zamanda İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də əks olunduğunu vurğuladıqları və İtaliya hökumətinə münaqişənin nizamlanması üçün təcili tədbirlər görmək üçün müraciət etdikləri qeyd olunur.

Məqalələrdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də açıqlamalarına yer verilir. Diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan tərəfinin son təxribatları barədə məlumat verərək, dünya ictimaiyyətinin, o cümlədən İtaliyanın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və son hərbi təxribatlarını pislənməsinin vacibliyini bildirir, İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin cari ilin fevral ayının 20-də Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri vaxtı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də əks olunduğunu, həmin sənəddə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsinin, beynəlxalq münasibətlərdə təcavüz aktının qəbuledilməzliyinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasının qeyd olunduğunu vurğulayır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.