SİYASƏT


İtaliyanın çoxsaylı mətbuat orqanları Azərbaycan səfirinin videomüsahibəsini yayıb

Roma, 6 oktyabr, AZƏRTAC

İtaliyanın aparıcı mətbuat orqanlarından olan “Askanews” xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin videomüsahibəsini yayımlayıb.

AZƏRTAC xəbər verir ki, diplomat müsahibədə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı barədə danışaraq, iki ölkə arasında ənənəvi olaraq siyasi səviyyədə yüksək səviyyəli münasibətlərin olduğunu deyib.

İqtisadi sahədə əməkdaşlığın möhkəm özül üzərində qurulduğunu vurğulayan səfir İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində strateji rola malik olduğunu bildirib. Bu xüsusda, o, ölkəmizin İtaliyanın əsas xam neft təchizatçılarından biri olduğundan, eləcə də Cənub Qaz Dəhlizinin hazırda dünyada təbii qazın qiymətlərinin yüksək olduğu şəraitdə İtaliyaya müsbət təsirlərindən danışıb.

Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsinin perspektivlərinə toxunan diplomat Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində görülən işlərdən danışıb və bu təhsil ocağının iki ölkə arasında tərəfdaşlığın növbəti illərdə daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Müsahibəsində diplomat habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən böyük bərpa və yenidənqurma işlərinin İtaliya şirkətləri üçün açdığı geniş imkanlardan söhbət açıb.

M.Əhmədzadə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 30 il sonra cari ildə bu önəmli ildönümünü torpaqlarımızın işğaldan azad olunması şəraitində qeyd edəcəyimizi bildirib. Müstəqilliyinin ilk illərində Azərbaycanın Ermənistanın hərbi işğalına məruz qaldığını və 30 ilə yaxın davam edən bu işğala ötən il Vətən müharibəsində Azərbaycanın son qoyduğunu və torpaqlarını işğaldan azad etdiyini vurğulayıb. Münaqişənin artıq başa çatdığını və davamlı sülhün təmin edilməsinin vacib olduğunu deyən diplomat Azərbaycanın bu prosesə töhfə verməyə hazır olduğunu və məhz bu səbəbdən də Ermənistana suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaqla bağlı təklif etdiyini bildirib.

Azərbaycan səfirinin müsahibəsi İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin marağına səbəb olub. Müsahibə, eləcə də “Il Sole 24 Ore”, “Yahoo Notizie”, “Yahoo Finanza”, “Virgilio”, “Quotidiano”, “Timgate”, “Il Giornale d’Italia”, “Quotidiano Nazionale”, “Today” və sair kimi mətbuat orqanları tərəfindən də yayılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.