DÜNYA


İtaliyanın ən məşhur simvollarından biri – “Piza” qülləsi Fotoreportaj

Piza, 6 dekabr, AZƏRTAC

“Piza” qülləsi İtaliyanın şimalındakı Toskana regionunda, Piza şəhərində yerləşir. Bütün dünyada “əyilən qüllə” kimi tanınan “Piza” qülləsi İtaliyanın ən məşhur simvollarından biri hesab olunur. “Piza” qülləsi ölkənin ən çox ziyarət edilən turistik məkanı kimi də məşhurlaşıb, il ərzində buranı 1 milyondan çox turist ziyarət edir. “Piza” qülləsi 1987-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb. Qüllənin yerləşdiyi və “Möcüzələr meydanı” kimi tanınan “Piazza dei Miracoli”dəki Romanesk kilsəsi və mərmərdən hazırlanmış möhtəşəm memarlığı ilə Toskana regionunun ən yaxşı qotik heykəllərindən birinə sahib olan vəftizxana və monumental qəbiristanlıq da UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Qüllənin inşasına 1173-cü ildə başlanılıb. Lakin müharibə səbəbindən yüz il müddətində inşasına fasilə verilib, yalnız 1272-ci ildən etibarən tikinti işləri davam etdirilib. Qüllənin inşası ümumilikdə 199 ilə tamamlanıb. Tikinti işlərinə başlanılan vaxtdan etibarən ilk 5 il ərzində dik vəziyyətdə olan qüllə və üçüncü mərtəbənin tamamlanmasından sonra cənuba doğru əyilməyə başlayıb. Bünövrəsi yumşaq torpağın çökməsi səbəbindən əyilən “Piza” qülləsi hələ də əyilməkdə davam edir. Belə ki, qüllə hər 100 ildə 0,7 santimetr əyilir və hazırda mailliyi 5,5 dərəcədir.

Şəhər kafedralının zəng qülləsi olaraq inşa edilən qüllə üst-üstə 6 dairəvi sütundan ibarətdir. Səkkiz mərtəbəli qüllənin yuxarı hissəsinə 294 pilləli pilləkənlə çıxmaq mümkündür. Qüllənin şimal tərəfində 294, cənub tərəfində isə 296 pilləkən var. Sonuncu, səkkizinci mərtəbə silindrik formadadır. Roma memarlıq üslubunda tikilmiş qüllənin səkkizinci mərtəbəsində hərəsi bir nota uyğun gələn 7 zəng var.

Genuya və Venesiyaya rəqib olaraq Pizanın qüdrət və zənginliyinin simvolu olaraq inşa edilən “Piza” qülləsinin hündürlüyü 55,86 metrdir. Qüllə 1280-ci ildən bəri ən azı dörd güclü zəlzələyə tab gətirib. Təxminən 14 min 500 ton ağırlığında olan qüllə 1990-2001-ci illərdə təmirə bağlanıb. Bərpa işləri çərçivəsində qüllənin daha 200 il ayaqda qalması mümkün olacaq.

Piza bütün dünyada əyilmiş qülləsi ilə tanınsa da, şəhərdə iyirmidən çox tarixi kilsə, bir neçə saray və Arno çayı üzərində inşa edilmiş körpülər var. Qalileo Qalileyin doğulduğu Piza şəhəri bədii və memarlıq xəzinələri ilə yanaşı, elm şəhəri kimi də məşhurlaşıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Piza

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.