MƏDƏNİYYƏT
İtaliyanın məşhur səyahət portalı yeni turizm məkanına çevrilən Balaxanı qəsəbəsindən yazır
Bakı, 17 sentyabr, AZƏRTAC
Son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur “Si Viaggia” səyahət portalının diqqətini cəlb edib və portalda “Turistləri və bloggerləri heyran edən Azərbaycan qəsəbəsi” adlı yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın son zamanlarda böyük marağa səbəb olan turizm marşrutlarından birinə çevrildiyi, ölkədə keçirilən Formula 1 Azərbaycan Qran-Pri yarışı kimi mötəbər tədbirlərin İtaliyanın müxtəlif televiziya kanallarının və sosial mediada fotolar paylaşan tanınmış blogerlərin böyük marağına səbəb olduğu bildirilir.
Məqalədə son dövrlərdə Azərbaycanda turizm sektorunun sürətlə inkişaf etdiyi, paytaxt Bakı ilə yanaşı, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Şəkinin, eləcə də Qəbələ və Quba kimi digər şəhərlərin, turizm marşrutları boyunca yerləşmiş çoxsaylı yeni məkanların getdikcə daha çox tanındığı qeyd edilir. Bu xüsusda, Balaxanı qəsəbəsinin indiyə kimi turizm məkanı kimi tanınmamasına baxmayaraq, onun hazırkı durumu indi çoxsaylı internet portallarında, xüsusilə blogerlər tərəfindən sosial media platformasında tez-tez yer alır. Portalda qeyd olunur ki, Balaxanı dünyanın ən qədim neft hasilatı nöqtələrindən biridir. Məhz burada 1594-cü ildə ilk neft quyusu qazılıb, 1837-ci ildə isə ilk neftayırma zavodu işə düşüb. Hazırda neftdən çirklənmiş ərazilər təmizlənir və yenidənqurma işləri davam edir. Balaxanı əvvəlki görkəmini kökündən dəyişərək Qafqazın kiçik bir incisinə çevrilib.
Yazıda qeyd olunur ki, bir vaxtlar boz sənaye qəsəbəsi olan Balaxanı bu gün artıq rəngarəng bir məkana çevrilib. Qəsəbənin mərkəzi küçələri abadlaşdırılıb, evlərin divarları boyanıb, fasad və hasarlara maraqlı dekorasiya elementləri yerləşdirilib, turistlərin istirahəti üçün milli və Avropa stilində istirahət məkanları qurulub.
Qəsəbədəki ağ və mavi rəngə boyanmış evlər isə xüsusi ab-hava yaradıb.