MƏDƏNİYYƏT
İtaliyanın nüfuzlu “İl Messaggero” qəzeti İtaliya Prezidenti Sarayında keçirilmiş Azərbaycan musiqilərindən ibarət konsertdən yazıb
Roma, 24 oktyabr, AZƏRTAC
İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetinin 21 oktyabr buraxılışında tanınmış jurnalistlər Elena Panarella və Rossella Fabianinin müəllifi olduğu “Azərbaycan musiqisi Kuirinale Sarayının Kapella Paolina zalını fəth edir” (La musica azerbaigiana incanta alla Cappella Paolina del Palazzo del Quirinale) başlıqlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda İtaliya Prezidentinin Kuirinale Sarayında hər həftənin bazar günləri səhər keçirilən və “Rai Radio 3” ictimai radiosu ilə bir saatlıq canlı yayımlanan məşhur “Kuirinale Konsertləri”nin (Concerti del Quirinale) Azərbaycan musiqilərindən ibarət konsert proqramına həsr olunmuş 14 oktyabr tarixli buraxılışından və bu xüsusda Azərbaycan musiqisindən danışılır.
Məqalədə bildirilir ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş bu konsert bu ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, sentyabr ayında isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfərlərinin ardınca, Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycanın Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Yazıda 2 hissədən ibarət olan konsertdə “Belcan-Tar” ansamblının və “Qarabağ” muğam qrupunun ifasında dinləyicilərin Azərbaycanın klassik musiqi nümunələri, muğamları və xalq mahnılarının musiqi sədaları altında İtaliyadan Azərbaycana, Aralıq dənizi sahillərindən Xəzər dənizi sahillərinə, muğam musiqisinə və muğamın beşiyi olan Qarabağa musiqi səyahəti etdikləri vurğulanır.
“Muğam Azərbaycanın ənənəvi musiqi növlərindən biridir və bu il muğamın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olmasının on ili tamam olur. Muğam Azərbaycanın Qarabağ bölgəsində yaranmışdır və bu muğamın ən tanınmış ifaçılarından olan “Qarabağ” muğam qrupunun adından da bəlli olur”, - deyə məqalədə qeyd olunur.
Yazıda, həmçinin Şuşa şəhərindən də bəhs edilərək bildirilir ki, “Şuşa Azərbaycan musiqi sənətinin mərkəzi hesab olunur və müsəlman Şərqində operanın banisi olan Üzeyir Hacıbəyli bu şəhərdə böyüyüb”.
Məqalədə konsertin repertuarı barədə də məlumat verilərək muğam və xalq musiqilərimizlə yanaşı, Üzeyir Hacıbəylinin “Koroğlu uvertürası”, “Arazbarı”, Fərhad Bədəlbəylinin “Şuşa”, Həsən Rzayevin “Çahargah rapsodiyası”, Qara Qarayevin “Yeddi Gözəl valsı” kimi parçalarının səsləndirildiyi qeyd olunur.
Yazıda, həmçinin bu il dünya səviyyəsində tanınmış Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinin tamam olması və onun “Yeddi Gözəl” operasını böyük Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı poeması əsasında bəstələdiyi bildirilir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən
https://www.ilmessaggero.it/spettacoli/eventi/la_musica_azerbaigiana_incanta_alla_cappella_paolina_del_palazzo_del_quirinale-4054329.html tanış olmaq mümkündür.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma