SİYASƏT
İtaliyanın nüfuzlu “Rai 1” telekanalında Qarabağla bağlı erməni iddialarına tutarlı cavab verilib VİDEO
Roma, 17 noyabr, AZƏRTAC
İtaliyanın nüfuzlu “Rai 1“ televiziya kanalının xəbərlər proqramının “EstOvest” rubrikasında erməni mənşəli italyan yazıçı Antonia Arslanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dini zəmində təqdim etməsi və son hərbi əməliyyatları ermənilərə qarşı “soyqırımı” adlandırması kimi iddialarına cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin proqramda açıqlaması yer alıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan diplomatı Qarabağ münaqişəsinin dini zəmində deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn ərazi münaqişəsi olduğunu bildirib. “Ermənistan 30 ildir ki, Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, oradakı bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bu gün Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var”, - deyə səfir vurğulayıb.
Ermənistanın Qərb ölkələrində ictimaiyyəti öz xeyrinə yönəltmək məqsədilə bilərəkdən bu münaqişəyə dini don geyindirdiyini deyən diplomat Azərbaycanın multikultural ölkə olduğunu, ölkəmizdə erməni mənşəli minlərlə şəxsin yaşadığını, paytaxt Bakının mərkəzində erməni kilsəsinin yerləşdiyini deyib.
“Bizim problemimiz Dağlıq Qarabağın erməni icması deyil, bizim problemimiz Ermənistanın işğalçı ordusu ilədir”, - deyə diplomat qeyd edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma