MƏDƏNİYYƏT
İtaliyanın populyar turizm portalı Bakının görməli yerləri haqqında yazır
Roma, 24 noyabr, AZƏRTAC
İtaliyanın populyar “Lagenziaviaggi.it” turizm portalında jurnalist-səyahətçi Massimo Tallarigonun müəllifi olduğu “Azərbaycan - Odlar diyarı. Burada hər şey inkişaf edir” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Bakı şəhərinin görməli yerləri, zəngin tarixi abidələri, həmçinin müasir memarlıq nümunələrindən bəhs edilir.
Yazıda dünyada “Odlar diyarı” kimi tanınan Azərbaycanda sürətli inkişafın baş verdiyi bildirilir, bu inkişafın xüsusilə paytaxt Bakı şəhərində daha aydın nəzərə çarpdığı qeyd olunur.
Müəllif “Bakı” sözünün mənası haqqında oxuculara ətraflı məlumat verir. O, möhtəşəm memarlıq abidələri ilə zəngin olan Bakının xüsusilə gecələr işıqlara qərq olduğunu və bununla da heyrətamiz mənzərənin yarandığını diqqətə çatdırır, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah məbədi haqqında məlumat verir. Həmçinin İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyindən bəhs edilir və burada minlərlə miniatür kitabın, hətta dünyanın ən kiçik Bibliya kitabının olduğu bildirilir.
Müəllif Bakının müasir tikililərinə də diqqət çəkir, dünya şöhrətli memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzi haqqında məlumat verir, onu dünya memarlığının ən möhtəşəm nümunələrindən biri adlandırır.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğundan da bəhs edilən məqalədə qoruğun UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi bildirilir. Qobustan təsvirlərinin çox qədim tarixi dövrə gedib çıxdığını vurğulayan müəllif burada 40 min il yaşı olan altı mindən çox qaya daşlarına rast gəlindiyini diqqətə çatdırır.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:
http://www.lagenziadiviaggi.it/azerbaijan-la-terra-del-fuoco-evoluzione/
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma