MƏDƏNİYYƏT
İtalyan kinosu həvəskarlarına şad xəbər
İtalyan mədəniyyəti və kinosunun həvəskarlarının nəzərinə. Oktyabrın 20-dən 25-dək Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da İtaliya film festivalı keçirilir.
Oktyabrın 20-də “28 Cinema”da bütün dünyada keçirilən italyan dili həftəsi çərçivəsində İtaliya film festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, festivaldan əvvəl təşkil edilən mətbuat konfransında “28 Cinema” kinoteatrının sahibi Rüfət Abbasov festival barədə məlumat verib. Bildirib ki, fəaliyyətimiz dövründə bir çox festivallar təşkil etmişik. İlk dəfə keçirilən İtaliya film festivalı miqyasına görə ən böyüyü və maraqlısıdır. Festival İtaliya cəmiyyəti olan N.I.C.E, İtaliyanın və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə reallaşır.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu günün hamı üçün vacib və əhəmiyyətli bir gün olduğunu söyləyib. Bildirib ki, Azərbaycanda İtaliya film festivalının keçirilməsi təsadüfi deyil. Azərbaycan-İtaliya münasibətləri siyasi, iqtisadi, təhsil və mədəniyyət sahəsində ən yüksək səviyyədə inkişaf edir.
Səməd Seyidov deyib: “Mən Azərbaycan Dillər Universitetinin rektoru kimi fəxr edirəm ki, bizim universitetdə italyan dili, italyan mədəniyyəti uzun illərdir tədris olunur. İtaliya universitetləri ilə sıx əlaqələrimiz mövcuddur. Bu işlərin hamısı dövlətin dəstəyi və səfirliyin köməyi əsasında həyata keçirilib. Bu festivalın yüksək səviyyədə təşkil olunması Azərbaycan-İtaliya münasibətlərinə böyük təsir göstərəcək. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi isə belə bir təşəbbüsü yüksək qiymətləndiririk. Ona görə ki, Azərbaycan ilə İtaliya arasındakı münasibətlər Avropa aləmində nümunəvi münasibət hesab olunur”.
O əminliklə deyib ki, bu festival həm tamaşaçılar üçün, həm də ümumiyyətlə İtaliya mədəniyyəti, dili ilə məşğul olan insanlar üçün çox gözəl bir bayrama çevriləcək.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo bildirib ki, bir həftə davam edəcək festivalın sponsorları “Yapikredi” bank, Port Baku, Hilton hotel, informasiya dəstəyi isə “Nargis Magazine” jurnalıdır.
Festival müddətində 6 filmin nümayiş olunacağını söyləyən diplomat vurğulayıb ki, açılışda İtaliyaya uğur gətirən, 2013-cü ildə xarici dildə ən yaxşı film nominasiyaları üzrə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara layiq görülən “Böyük gözəllik” filmi nümayiş olunacaq. Diqqətə çatdırıb ki, filmin baş qəhrəmanı Anita Kravos bu gün bu festivalda iştirak edir.
Festivalın fəxri qonağı - italyan aktrisası Anita Kravos bildirib ki, İtaliyaya “Oskar” mükafatı qazandıran filmin nümayişində iştirak etmək mənim üçün fəxrdir. Burada həm də N.I.C.E-nin nümayəndəsi kimi də iştirak etdiyini söyləyən aktrisa qeyd edib ki, italyan rejissorlar Azərbaycanda film çəkmək istəyirlər. “Mənim sevgilim qatildir” adlı filmdə baş rolda oynayacağını deyən Anita Kravos bu filmdə həmçinin iki azərbaycanlı aktyorun da rol alacağını söyləyib. Bildirib ki, digər bir film isə Azərbaycana gələn italiyalının hekayəsindən bəhs edir.
Bir müddət Azərbaycanda olacağını söyləyən aktrisa “Nargis Magazine” jurnalı ilə fotosessiya edəcəklərini, ADA Universitetində tələbələrlə görüş keçiriləcəyini qeyd edib.
Sonra festival iştirakçıları “Böyük gözəllik” filminə baxıblar.