İDMAN
İvana Maksimoviç: dünyada ən yaxşı atıcılıq mərkəzi Bakıdakı mərkəzdir

Bakı, 19 iyun, Əziz Məmmədov, AZƏRTAC
“Mən Bakıya və Azərbaycan xalqına valeh oldum. Dünən İçərişəhərdə gəzirdim. Bakının bu hissəsi bütün şəhərin kompozisiyası ilə çox ahəngdardır!
Azərbaycanda dostlarım çoxdur. Sizin ölkəniz həqiqətən mədəniyyətlərin, dinlərin, tarix ilə müasirliyin qovuşduğu məkandır. İdman sahəsində də Bakının və Azərbaycanın dünyada şöhrəti artır. Ölkənizin başqa sahələrdə tərəqqisi fonunda onun idman uğurları fantastik təsir bağışlayır. Düzdür, mən birinci Avropa Oyunlarında mükafatçı ola bilmədim, amma əvəzində Bakı haqqında, sizin gözəl xalqınız haqqında unudulmaz xatirələrim qalacaq”.
Serbiyalı idmançı, birinci Avropa Oyunlarında 50 metr məsafədən kiçik çaplı tüfəngdən 3 vəziyyətdə (diz üstə, uzanmış halda və ayaq üstə) atəşaçma yarışlarının iştirakçısı İvana Maksimoviç bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Serbiyalı idmançı “Bakı-2015” Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsindən məmnun olduğunu bildirib.
İ.Maksimoviç daha sonra deyib: “Birinci Avropa Oyunlarının təşkili hər cür tərifə layiqdir. İdman zalları ən müasir məşq qurğuları ilə təchiz edilib. Bütün sutka ərzində işləyən yeməkxanada Avropa və Azərbaycan mətbəxinin ən yaxşı yeməkləri təklif edilir. Bakı Atıcılıq Mərkəzi barədə danışmaya bilmərəm. Bu mürəkkəb idman qurğusunun hansı müddət ərzində tikilməsi barədə mənə verilən məlumata inana bilmədim. Səmimi sözümdür, bu, dünyada ən yaxşı atıcılıq mərkəzidir”.