REGİONLAR
İvanovka: tarixi qələbəmizdə digər azsaylı xalqlarla yanaşı, rus icması da fədakarlıq göstərib
İsmayıllı, 29 yanvar, AZƏRTAC
İsmayıllı rayonunun İvanovka kəndində Vətən müharibəsinin döyüşçüləri ilə görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə aparatın məsul işçiləri, Nikitin adına kolxozun rəhbərləri iştirak ediblər. Görüşdə vurğulanıb ki, işğalçı Ermənistan ordusuna qarşı qazanılan tarixi qələbədə ölkəmizin digər azsaylı xalqları ilə yanaşı, rus (molokan) icması da fədakarlıq göstərib. Vətən müharibəsində işğalçılara qarşı döyüşən 5 nəfər ivanovkalı tərxis olunub və hazırda 3 nəfər Milli Orduda xidmət edir. Bir nəfər kənd sakini - Etibar Şirinov şəhidlik zirvəsinə ucalıb. Qeyd olunub ki, müharibənin gedişində İvanovka kəndinin sakinləri də orduya dəstək aksiyaları keçirib, könüllü olaraq ön cəbhəyə yardım göstəriblər.
Görüşdə Vətən müharibəsinin iştirakçıları Xaritonov Andrey Nikolayeviç, Xolyavko Maksim Timofeyeviç, Sapunkov Oleq İvanoviç, Qoroxov Aleksandr Nikolayeviç döyüş təəssüratlarını danışıblar. Döyüşçülər uzun illərdən bəri düşmən tapdağı altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə, cəmi 44 gündə azad edilməsinin böyük tarixi qələbə olduğunu, bu qələbənin qazanılmasında həm də əsgər və zabitlərimiz arasında yüksək döyüş ruhunun, vətənpərvərlik əzminin xüsusi önəm daşıdığını söyləyiblər.
Həmçinin şəhid ailələrinə, qazilərə, eləcə də Vətən müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısından danışılıb, döyüşçü Sapunkov Oleq İvanoviçin “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildiyi bildirilib, bu diqqətə görə dövlət başçısına minnətdarlıq ifadə olunub.
Görüşdə döyüşçülərin qayğıları ilə də maraqlanılıb.