REGİONLAR
İvanovkada taxıl biçininə başlanılıb FOTO VİDEO
İsmayıllı, 18 iyun, AZƏRTAC
İsmayıllı rayonunun İvanovka kəndindəki Nikitin adına kolxoz respublikamızda yeganə kollektiv təsərrüfatdır və taxılçılıq burada kənd təsərrüfatının əsas sahələrindəndir. Kolxozda cari ilin məhsulu üçün 3700 hektarda taxıl yetişdirilib və zəmilərin hər hektarında orta məhsuldarlığın 30 sentner olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, kolxozda taxıl biçininə start verilib. Biçindən öncə kəndin yaşlı sakinləri tərəfindən xüsusi dini ayinlər icra olunub, məhsulun bol, bərəkətli olması, təbii fəlakətlərdən qorunması üçün dualar edilib. Bu, malakanlar tərəfindən əsrlərlə qorunub saxlanan ənənədir.
Kəndin ağsaqqalları “Dünyanın tək sahibi olan Uca Allahdan məmləkətimizi, güclənən dövlətimizi və xalqımızı qorumağı diləyirik! Bərəkətimiz bol, sağlamlığımız möhkəm olsun!”, - deyə Tanrıya dualar edirlər. Sakinlər inanırlar ki, məhsuldarlığın bol olmasında təsərrüfat ayininin, o cümlədən duaların rolu böyükdür.
Ümumilikdə, biçin kampaniyasına 15 kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnikalar cəlb olunub.
Kənddə müasir un dəyirmanı da var. Bu dəyirman kənd camaatının una olan tələbatını ödəyir və əlavə olaraq Bakı və İsmayıllıdakı mağazalara da un göndərilir.
Kolxozda biçiləcək ot sahəsi isə 280 hektardır. İndiyə qədər silos üçün 1425 ton ot əldə olunub.
Qeyd edək ki, kolxozun təsərrüfatı çoxşaxəlidir. Burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf edib.