İQTİSADİYYAT
İxrac missiyası Qazaxıstanın Almatı şəhərindədir
Astana, 24 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın ixrac missiyası Qazaxıstanın Almatı şəhərindədir.
AZƏRTAC xəbər verir ki, ixrac missiyasına ölkəmizdə meyvə-tərəvəz məhsulları, meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, tikinti materialları, maşınqayırma sənayesi və səhiyyə sahəsində fəaliyyət göstərən 19 şirkətin nümayəndəsi daxildir.
Səfərin ilk günü AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri ilə Qazaxıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. Otuza yaxın Qazaxıstan şirkətinin iştirak etdiyi görüşlərdə Azərbaycan və Qazaxıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, ölkəmizin rəqabətqabiliyyətli məhsulları barədə məlumat verilib.
Tədbir çərçivəsində “Ayan” MMC şirkətinin istehsal etdiyi limonad və mineral sularının və “Ağ Naftalan” MMC-nin istehsal etdiyi Naftalan mazının Qazaxıstana ixracına dair danışıqlar aparılır.
İxrac missiyası aprelin 25-də Qazaxıstanın paytaxtı Astana şəhərində olacaq, Qazaxıstan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, missiyanın əsas məqsədi işgüzar dairələrin ikitərəfli ticarət-iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi və fəallaşdırılması, habelə Qazaxıstanı Azərbaycanın ticarət potensialı ilə tanış etməkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər “Made in Azerbaijan” brendinin xarici ölkələrdə daha yüksək səviyyədə təşviqinə hesablanıb. Bu da ümumilikdə ölkəmizin dünya iqtisadi birliyinə inteqrasiyasına yeni təkan verəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana