İQTİSADİYYAT
İxracatçılar Klubu şirkətləri “Worldfood Moscow 2018”də iştiraka dəvət edib
Bakı, 7 avqust, AZƏRTAC
İxracatçılar Klubu ərzaq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətləri “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq Sərgisində iştiraka dəvət edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən İxracatçılar Klubunun budəfəki iclasında müsabiqə yolu ilə seçilmiş ərzaq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-a yaxın şirkətin nümayəndəsi iştirak edib. İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı rol oynadığını vurğulayıb. Bildirib ki, "Made in Azerbaijan" brendinin təşviqi istehsalın artırılması, ixracın coğrafiyasının və həcminin genişləndirilməsində əhəmiyyətli rol oynayan mexanizmlərdəndir.
Ərzaq məhsullarının istehsalının qeyri-neft sektorunun mühüm sahələrindən olduğunu qeyd edən Y.Abdullayev sentyabrın 17-20-də Moskvada keçiriləcək "Worldfood Moscow 2018" Beynəlxalq Ərzaq Sərgisi barədə danışaraq rəqabətqabiliyyətli məhsul istehsalı və ixracın genişləndirilməsi məqsədilə beynəlxalq sərgilərdə iştirakın xüsusi əhəmiyyətini diqqətə çatdırıb.
İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov "Worldfood Moscow 2018" Beynəlxalq Ərzaq Sərgisi barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində sahibkarlarla "Worldfood Moscow 2018" Sərgisində iştiraka dair müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.