İQTİSADİYYAT
İxracın təşviqi proqramlarının sahibkarlığın inkişafına təsiri ilə bağlı xarici təcrübə öyrənilir
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxracın təşviqi proqramları və onların kiçik və orta sahibkarların inkişafına təsiri” mövzusunda keçirilən seminarda Azərbaycanın ixrac potensialı və bu sahədə qabaqcıl xarici təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən İngiltərənin nüfuzlu Nyukasl Universitetinin nümayəndəsi Robert Nyuberi iştirakçılara təmsil etdiyi ölkənin bu sahədə təcrübəsi, aparılan araşdırmalar barədə geniş məlumat verib. Nəzərə çatdırılıb ki, Azərbaycanda da ixrac potensialının artırılması ilə əlaqədar tədbirlər və layihələr həyata keçirilir, xarici ölkələrlə bu sahədə təcrübə mübadiləsi aparılır.
Məruzəçi, həmçinin İngiltərədə ixracın təşviqi üçün tətbiq olunan innovativ alətlər barədə təqdimatla çıxış edib. O, qeyd edib ki, ölkəmizdə yaradılan “Azexport” portalı ixracın artırılması isitiqamətində unikal bir e-ticarət platformasıdır.
“Azexport” portalının rəhbəri Zaur Qardaşov ““Azexport” - ixraca dəstəyin yeni modeli kimi” mövzusunda təqdimatla çıxış edib. O, rəhbərlik etdiyi portalın və Rəqəmsal Ticarət Qovşağının sahibkarlara yaratdığı imkanlardan söz açıb.
Nyukasl Universitetinin digər təmsilçisi Çarli Skot isə “İngiltərədə orqanik ərzaq məhsullarına artan tələbat və ixrac imkanları” mövzusunda məruzə edib. Azərbaycanın İngiltərəyə orqanik ərzaq məhsulları ixrac etməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
Seminar çərçivəsində tədbir iştirakçılarının və KİV nümayəndələrinin də sualları cavablandırılıb.
AZƏRTAC-ın müxbirinin Azərbaycanda ixrac potensialının artırılması sahəsində görülən tədbirləri necə qiymətləndirirsiniz sualını cavablandıran Çarli Skot Azərbaycan dövlətinin bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sferasında həyata keçirdiyi layihələri müsbət dəyərləndirib. O hesab edir ki, Azərbaycan bu sahənin inkişafı ilə bağlı düzgün istiqamət götürüb.
Həmçinin diqqətə çatdırılıb ki, əsas məsələ Azərbaycan məhsullarının Avropa bazarlarına çıxışını təmin etməkdir. Bunun üçün isə müvafiq keyfiyyət sertifikatları əldə edilməlidir. Avropa bazarlarında rəqabət çox böyük olduğundan sertifikat almaq hazırda ən aktual problemlərdən biridir.
Seminarda dövlət qurumlarının, ixracatçı şirkətlərin və assosiasiyaların, eləcə də, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edib.
Sonda iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Nyukasl Universiteti adından sertifikatlar təqdim olunub.