İQTİSADİYYAT
İxracyönümlü məhsulların istehsalı ilə məşğul olanlara vergi güzəştlərinin tətbiqi ilə əlaqədar mexanizmlər hazırlanıb
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Vergilər Nazirliyində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulmuş “Səmərəli vergi sisteminin təşviq edilməsi” tədbiri üzrə işçi qrupun hesabat xarakterli yekun iclasında 2017-ci il ərzində görülmüş işlər müzakirə edilib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergilər nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Departament rəhbəri qeyd edib ki, ötən dövr ərzində pərakəndə ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri tərəfindən malların təqdim edilməsi üzrə nağdsız əməliyyatlara vergi güzəştlərinin tətbiqi və vergiödəyicilərində keçirilmiş vergi nəzarəti tədbirləri nəticəsində onlara hesablanmış vergi və maliyyə sanksiyalarının ödəmə müddətindən tez ödənilməsinə görə maliyyə sanksiyaları üzrə güzəştlərin tətbiqi mexanizmləri hazırlanıb.
“Strateji Yol Xəritələri”ndə müəyyən edilmiş tədbirlərin icrası məqsədilə kiçik və orta sahibkarlıq subyektlərinin üzləşdiyi problemlərlə yaxından tanış olmaq, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərini müzakirə etmək üçün sahibkarlıq subyektləri ilə silsilə görüşlər keçirilib.
Həmçinin nəzərə çatdırılıb ki, “Səfirlik və digər əhəmiyyətli dövlət və qeyri-dövlət saytlarında yerləşdiriləcək nümunəvi məlumat forması”nın hazırlanması üçün işlər görülüb, Vergilər Nazirliyinin və ölkəmizin xarici ölkələrdəki səfirlik, daimi nümayəndəlik və konsulluqlarının rəsmi internet səhifələrində Azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikasında xarici investisiyalar üçün əlverişli vergi mühiti” başlığı altında materiallar yerləşdirilib.
Bununla yanaşı, istehsal sahəsi, daşınmaz əmlak və işçi qüvvəsi ilə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda ixracyönümlü məhsulların istehsalı ilə məşğul olan ixracatçılara, eləcə də müəyyən edilmiş şərtlər daxilində özəlləşdirilən dövlət müəssisələrinin əmlak vergisi üzrə növbəti üç il üçün vergi güzəştlərinin tətbiqi ilə əlaqədar mexanizmlər də hazırlanıb.
S.Musayeva bildirib ki, işçi qrup tərəfindən ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmalarının monitorinqinin aparılması, onların səmərəliliyinin müəyyən edilməsi, eləcə də vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihə hazırlanıb. Bu sənədlərdə sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, həmçinin hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi, məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi kimi məsələlər nəzərdə tutulub.