ELM VƏ TƏHSİL
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbul imtahanının apellyasiya mərhələsi başlanıb
Bakı, 18 avqust, AZƏRTAC
2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsi üzrə test imtahanının apellyasiya mərhələsi başlanıb.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, test imtahanının nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası yaradılıb. Komissiya avqustun 18-22-də fəaliyyət göstərəcək. Namizədlər test imtahanı mərhələsindəki suallarla bağlı iradlarını (sualı ətraflı şəkildə təsvir etməklə) ad, soyad, şəxsiyyət vəsiqəsinin fin kodu, əlaqə nömrəsini qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vəzifəsi müsabiqəyə çıxarılıb. İmtahanda 765 namizəd iştirak edib.
Müsabiqənin nəticələri əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.