ELM VƏ TƏHSİL
İxtisas seçimi günlərində abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsi daha da genişləndiriləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
İxtisas seçimi günlərində abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsi daha da genişləndiriləcək.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər regional bölmələrdə, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər.
Bundan əlavə, ixtisas seçimi günlərində (sentyabrın 10–dan 20-dək şənbə, bazar günləri istisna olmaqla) cədvəldə verilmiş tarixlərdə rayon təhsil şöbələrində DİM-in əməkdaşları və RTŞ-nin əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.
Qəbul prosesi koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil ediləcək. Bunun üçün mərkəzlərdə müvafiq şərait yaradılıb. Qəbul mərkəzlərində müraciət edən vətəndaşların öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətlərində lazımi sosial məsafənin saxlanılması təmin olunacaq.
Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.
Bölgələrdə rayon təhsil şöbələrində və məktəblərdə fəaliyyət göstərəcək məsləhət mərkəzləri haqqında məlumat DİM-in saytında verilib.