REGİONLAR
İxtisaslaşdırılmış kurslar seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır VİDEO
Balakən, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ölkə vətəndaşlarının Konstitusiyada təsbit olunmuş seçki hüququnun həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb. Azərbaycanda seçki prosesinin təşkili beynəlxalq standartlara tam cavab verir. Müstəqillik dövründə ölkəmizdə keçirilən seçkilərin hər biri öz demokratikliyi və şəffaflığı ilə seçilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı fevralın 19-da 109 saylı Balakən seçki dairəsində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşmış kursun tədris məşğələsində səsləndirilib.
Aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyan və üç gün davam edəcək təlimlərə dairə seçki komissiyasının 9 üzvü və dairənin tərkibinə daxil olan 39 seçki məntəqəsinin sədrləri cəlb olunub.
Tədbirdə dairə seçki komissiyasının sədri Vahid Əliyev çıxış edərək, aşağı seçki komissiyaları üçün nəzərdə tutulan belə kursların dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlığının yüksəldilməsində, hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını bildirib.
Təlimin birinci günü rayon prokuroru Həsən Mirzəyev “Seçki subyektləri, seçkidə iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, rayon məhkəməsinin sədri Hümbət Səlimov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçkidə iştirak hüququnun qorunması mexanizmləri” mövzularında məruzələrlə çıxış ediblər.
Daha sonra Mərkəzi Seçki Komissiyasının əməkdaşları Afiq Alıyev və Bəxtiyar Ağalarov iştirakçılara seçki prosesinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri, seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri və digər məsələlər barədə geniş məlumat veriblər. Bildirilib ki, seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq mühüm prinsiplərdən biridir. Şəffaflığa xidmət edən bu meyarın təmin olunması məqsədi ilə seçki kampaniyası zamanı müxtəlif metod və qaydalardan, fərqli müşahidə formalarından istifadə olunur. Bu sırada aşkarlıq institutunun müxtəlif elementləri, yəni yerli və beynəlxalq müşahidəçilərin, kütləvi informasiya vasitələrinin yaxından iştirakı, “exit poll”, seçki komissiyalarının şəffaf fəaliyyəti, eyni zamanda, qaynar xətt, internet resursları və son illər ölkəmizdə geniş tətbiq olunan veb-kameralar mühüm rol oynayır. Bütün bunlar seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa, aşkarlığın daha dolğun təminatına şərait yaradır.
Qeyd olunub ki, ölkəmizdə keçirilən seçkilərin bütün mərhələlərində aşkarlığın təmin olunması üçün beynəlxalq hüquqi normalarla bərabər Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş mövcud prosedurlar və konkret hüquqi əsaslardan istifadə edilir. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə uyğun olaraq, ölkəmizdə keçirilən seçkilərdə seçki komissiyalarının fəaliyyətinin seçicilər və digər seçki subyektləri üçün şəffaflığını daim diqqət mərkəzində saxlayır.
Fevralın 19-da Şəki-Zaqatala bölgəsinə daxil olan digər rayonlarda da dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar başlanıb.