REGİONLAR
İxtisaslaşdırılmış kurslar seçkilərlə bağlı maarifləndirmə işlərində mühüm rol oynayır VİDEO
Xaçmaz, 22 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 22-də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib.
AZƏRTAC xəbər verir ki, 55 saylı Xaçmaz şəhər seçki dairəsində təşkil olunan kursun ilk günündə üç əsas mövzu üzrə maarifləndirmə işi aparılıb, müvafiq təlimatlar verilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və digər istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolundan danışıb. O, bu qurumların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulmasının vacibliyini qeyd edib.
Məruzədə bildirilib ki, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə şərait yaradır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının daha da təkmilləşdirilməsində mühüm rol oynayır.
Dairə seçki komissiyalarının üzvləri və 42 məntəqə seçki komissiyasının sədrlərinin qatıldığı seminarda daha sonra Xaçmaz Rayon Məhkəməsinin sədri Əlövsət Paşayev məruzə ilə çıxış edib. İştirakçılara referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri haqqında ətraflı məlumat verilib.
Dairə seçki komissiyası üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini referenduma hazırlıq prosesi, seçici siyahıları ilə iş qaydası haqqında məlumatlandıran dairə seçki komissiyasının sədri Bəhram Ömərov Azərbaycanda daim təkmilləşən və dünya təcrübəsini özündə əks etdirən seçki qanunvericiliyi formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının gücləndirilməsinə göstərilən xüsusi diqqət və qayğı qarşıdakı seçki kampaniyasını da uğurla həyata keçirməyə imkan verir.
Daha sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Avqustun 22-də 55 saylı Xaçmaz şəhər seçki dairəsi ilə yanaşı, şimal bölgəsində yerləşən 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən və 56 saylı Xaçmaz kənd seçki dairələrində də ixtisaslaşdırılmış kurslara başlanılıb.