SİYASƏT
İxtisaslaşdırılmış kursların ikinci günüdə referendumla bağlı geniş maarifləndirmə işləri aparılıb
Bakı, 23 avqust, AZƏRTAC
31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqustun 23-də davam edib.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.
Dairə seçki komissiyasının sədri İlham Bayramov bildirib ki, bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyası artıq maarifləndirmə işlərinə başlayıb və bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Qeyd olunub ki, dairənin seçki məntəqələrində hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır.
Seçici siyahıları ilə iş qaydalarından danışan İ.Bayramov qeyd edib ki, hər ilin yanvarın başlayaraq, rayon üzrə seçici siyahıları dəqiqləşdirilir.
Sonra Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Altun Quliyev seçici siyahıları ilə işin təşkilinə, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərindən danışıb.
Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, qanunvericilikdə vətəndaşların referendumda iştirak etmək hüququ təsbit edilməklə yanaşı, onların müvafiq hüquqlarının pozulmasına görə məsuliyyət də nəzərdə tutulur.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.