SİYASƏT
İxtisaslaşdırılmış kursların sonuncu günündə dairə və məntəqə seçki komissiyalarının əsas vəzifələrindən danışılıb
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də - aşağı komissiyaların üzvləri və sədrləri üçün ixtisaslaşdırılmış kursların sonuncu günündə 23 saylı Nəsimi-Səbail seçki dairəsi dairə seçki komissiyasında “Referendumun subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, “Referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzularında seminarlar keçirilib.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə əlaqədar təşkil edilib.
Tədbirdə çıxış edən dairə seçki komissiyasının sədri Ağabala Quliyev deyib ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir. Mərkəzi Seçki Komissiyasının tədbirlər planına uyğun olaraq bizim dairəni əhatə edən məntəqələrdə referenduma ciddi hazırlıq işləri görülür.
Qeyd edilib ki, çox mühüm seçki sənədi olan seçici siyahıları yenilənib və ictimailəşdirilib. Seçici siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılması, habelə asayişin qorunmasında güc strukturlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması istiqamətində müvafiq işlər davam etdirilir.
Bildirilib ki, dairə seçki komissiyası referendumun Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.
İxtisaslaşdırılmış kurslar çərçivəsində keçirilən seminarlarda, həmçinin referenduma hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən də ətraflı danışılıb.
Qeyd edilib ki, qanunvericiliyə əsasən referendum günü məntəqələrdə görülən işlər və səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq.
Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.