CƏMİYYƏT
İyirmi beş ölkənin gənc liderlərinin iştirakı ilə könüllülüyə dair onlayn beynəlxalq forum işə başlayıb
Bakı, 23 sentyabr, AZƏRTAC
“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi beynəlxalq layihə çərçivəsində 25 ölkədən 90-dək gənc liderin, gənclər təşkilatları rəhbərlərinin və ekspertlərin iştirakı ilə onlayn beynəlxalq gənclər forumunun açılışı olub.
ADTGT-dən AZƏRTAC-a bildiriblər ki, “Gənclərin könüllülük imkanları: milli ənənələr və beynəlxalq təcrübə” mövzusuna həsr olunan forumda çıxış edən təşkilatın sədri Asif Əsgərli ümumbəşəri dəyər olan könüllülüyün Azərbaycanda gənclərin həyat tərzinə çevrildiyini və ölkəmizin bu fəaliyyətə dair modelinin olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər İli” elan olunmasının Azərbaycan gəncləri üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, deputatlar Müşfiq Cəfərov, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov çıxışlarında forumun ölkə gəncləri ilə yanaşı, əcnəbi gənclər üçün də könüllük sahəsində böyük imkanlar və əməkdaşlıq mühiti yaratdığını bildiriblər.
Çıxışlarda Azərbaycanda gənclərin çoxşaxəli könüllülük fəaliyyəti yüksək qiymətləndirilib, bu sahədə əldə edilən nailiyyətlərin davamlı olduğu diqqətə çatdırılıb.
Tədbirdə Macarıstan, İspaniya, İtaliya, Polşa, Finlandiya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Qazaxıstan, Rumıniya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Serbiya, Bosniya və Herseqovinanı təmsil edən gənclər təşkilatlarının rəhbərləri gənclərin könüllülük fəaliyyətinin əhatə dairəsinin genişləndiyini, bu xidmətin imkanlarının artırılmasında müxtəlif ölkə gənclərinin birgə səylərinin əhəmiyyətini qeyd ediblər.
Beynəlxalq gənclər forumu işini bir ay müddətində könüllülüyə dair beş aktual mövzuya həsr olunan panel müzakirələrlə davam etdirəcək və gənclərin əməkdaşlıq şəbəkəsinin qurulması ilə başa çatacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Könüllülər İli” elan olunan 2020-ci ildə dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən geniş milli, regional və beynəlxalq səviyyəli tədbirlər keçirilməkdədir.