MƏDƏNİYYƏT
İyirmi yanvar gecəsi şəhid olanlar qürur və iftixar yerimizdir
Bakı, 21 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəbin nəzəriyyə şöbəsinin müəllimi Naidə Yusubova tədbiri açaraq 20 Yanvar faciəsi haqqında geniş məlumat verib.
Tədbirin bədii hissəsində 20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndirilib, slayd nümayiş olunub.
Sonda məktəbin direktoru Kəmalə Həşimova çıxış edərək 20 Yanvar faciəsi haqqında danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləbaran edildi, yüzlərlə insan yaralandı. İyirmi yanvar gecəsi şəhid olanlar qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Azərbaycan xalqı azadlığımızın memarlarının əziz xatirəsini heç zaman unutmayacaq.