İQTİSADİYYAT
İyulda “131” Çağrı mərkəzinə 350-yə yaxın müraciət daxil olub
Bakı, 4 avqust, AZƏRTAC
Cari ilin iyul ayı ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “131” Çağrı mərkəzinə 343 müraciət daxil olub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, biznesə başlanması və genişləndirilməsi üçün Agentlikdən dəstək, sərgilərdə iştirak, “Startap” şəhadətnaməsi, güzəştli maliyyə vəsaiti, işğaldan azad olunmuş ərazilərdə biznesin qurulması, KOB evi və sair məsələlərlə bağlıdır.
Daxil olan zənglərin 12 faizini xidmət, 8 faizini əl işi sənəti, 8 faizini kənd təsərrüfatı, 5 faizini istehsal, 3 faizini ticarət, 1 faizini təhsil və sair sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri təşkil edib.
Müraciətlərin əksəriyyəti Bakı şəhəri üzrə olmaqla, qalanları Qazax-Tovuz, Dağlıq Şirvan, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Abşeron-Xızı, Lənkəran-Astara, Qarabağ, Quba-Xaçmaz və digər iqtisadi rayonlardandır.
Ümumilikdə bu ilin yanvar-iyul ayları ərzində KOBİA-nın “131” Çağrı mərkəzinə 2494 zəng daxil olub.