DÜNYA
İyun ayında Avropada qaz ehtiyatı 60 faizə yaxınlaşıb
Bakı, 2 iyul, AZƏRTAC
İyun ayının nəticələrinə görə, Avropanın yeraltı qaz anbarlarında yanacaq ehtiyatı 60 faizdə yaxınlaşıb, lakin əvvəlki aylarla müqayisədə anbarlara qaz vurulması tempi xeyli zəifləyib.
AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” (GIE) assosiasiyasının məlumatına görə, ötən ay Avropanın maye qaz idxalı bir qədər azalsa da, iyun ayı üçün rekord səviyyədə olub. İyunun sonunadək Avropanın yeraltı qaz anbarlarında mavi yanacağın həcmi 12,75 milyard kubmetr artıb. Hazırda anbarlarda qaz ehtiyatı 58,18 faiz (62,5 milyard kubmetrə yaxın) təşkil edir.
Portuqaliyada qaz anbarları 100 faiz dolduğu halda, Polşada bu göstərici 97,44 faiz, Danimarkada 79,36 faiz, Çexiyada 69,05 faiz, Fransada 62,42 faiz, Almaniyada 61,21 faiz, Belçikada 59,11 faiz, İtaliyada 58,9 faiz, Hollandiyada 53,08 faiz, Avstriyada 45,12 faiz, Latviyada 44,91 faiz, Macarıstanda 40,14 faiz, Bolqarıstanda isə 35,14 faizdir.
Avropanın qaz idxalında azalma bir neçə amillə bağlıdır. Belə ki, Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən “Siemens Energy” kompaniyasının “Şimal axını” kəməri üçün təmir etdiyi qaz turbininin Monrealdan Almaniyaya gətirilməsində problemlər yaranıb. Buna görə də kəmərə maksimum gücün yalnız 40 faizi qədər qaz vurmaq olur. Həmçinin bir sıra Avropa kompaniyalarının Rusiya qazına görə rublla ödənişdən imtina etməsi səbəbindən onlara qaz tədarük edilmir. “Türk axını” boru kəməri ilə idxal isə planlı təmir ilə əlaqədar bir həftəlik dayandırılıb. Eyni zamanda, Avropanın elektrik enerjisi istehsalında külək enerjisinin payı may ayında 14 faizdən iyunda 11,3 faizə düşüb ki, bu da məişətdə və sənayedə qazdan istifadənin artması ilə nəticələnib. Ötən ay yeraltı anbarlardan qaz götürülməsi tempi 2022-ci ilin may və 2021-ci ilin iyun aylarına nisbətən artaraq 978 milyon kubmetrə çatıb.
Avropaya qaz idxalının azalması fonunda hərraclarda min kubmetr qazın qiyməti 1600 dollar ətrafında sabitləşib. İyul ayında Avropa İttifaqı ölkələri öz anbarlarını doldurmaqda daha böyük çətinliklərlə üzləşə bilərlər. Belə ki, iyulun 11-dən 21-dək “Şimal axını” kəmərinin hər iki xətti üzrə qaz nəqli planlanan təmir işləri ilə əlaqədar müvəqqəti olaraq dayandırılacaq.