ELM VƏ TƏHSİL
İyunda Təhsil Nazirliyinə 8.828 müraciət daxil olub
Bakı, 9 iyul, AZƏRTAC
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin iyununda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ötən ay vətəndaşlarla iş bölməsinə ümumilikdə 8.828 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 5.495 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3.333 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 795 sənəd (464 ərizə, 323 məktub, səkkiz digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox müəllimlərin yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi və ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib.