ELM VƏ TƏHSİL
İyunun 10-da “Yüksəliş” müsabiqəsinin iştirakçıları qabiliyyət üzrə yoxlama imtahanı verəcəklər

Bakı, 9 iyun, AZƏRTAC
İyunun 10-da “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı olan qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə müsabiqə iştirakçılarının verbal təhlil, rəqəmsal təhlil və abstrakt düşüncə bacarıqları təkrar yoxlanılır. İştirakçılar öncədən təyin olunan məkanlarda əyani şəkildə iştirak edirlər.
Onlayn mərhələdə keçirilən qabiliyyət üzrə imtahanda topladıqları balın 70 faizini, hər test bloku üzrə isə topladıqları balın ən azı 50 faizini təkrar edən iştirakçılar idarəetmə bacarıqları üzrə imtahanda iştirak hüququ qazanacaqlar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.