CƏMİYYƏT
İyunun 15-də Azərbaycanın parlaq gələcəyinin təməli qoyulub
Bakı, 14 iyun, AZƏRTAC
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Əminliklə demək olar ki, məhz bu tarixdə ölkəmizin parlaq gələcəyinin təməli qoyulub. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Xalqımızın, vətənimizin ağır günlərində öz xilaskarlıq missiyasını həyata keçirən Ümummilli Lider çətinliklərə qətiyyətlə tab gətirdi. Dahi şəxsiyyətin ardıcıl olaraq həyata keçirdiyi tədbirlər sayəsində müstəqilliyimiz qorundu, ölkəmizdə canlanma, dirçəliş yarandı. Azərbaycan xaosdan, çəkişmələrdən xilas olaraq sabit ölkəyə çevrildi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının pulmonoloq-allerqoloqu Validə Vəliyeva deyib.
“Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə digər sahələr kimi səhiyyə sahəsində də islahatlar aparıldı. Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Bu işdə, ilk növbədə, səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Ulu Öndərin hakimiyyəti dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görüldü. O cümlədən bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. Heydər Əliyev üçün ən vacib sahələrdən biri məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Uzaqgörən siyasətçi vətəndaşlarda Azərbaycan həkiminə qarşı inam yaratdı.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində ölkəmizdə 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Xəstəxanalar ən müasir avadanlıqlarla təchiz edilib. Görülən işlər sayəsində həkimlərimizin nailiyyətləri də çoxalıb”.