İQTİSADİYYAT


İyunun 16-dan “AGBank” və “NBC Bank”dakı əmanətlərin qaytarılmasına başlanılacaq

Bakı, 22 may, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası ləğv olunan "AGBank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə müraciət edib.

ADIF-dən AZƏRTAC-a bildirilib ki, həmin banklardakı əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: iyunun 16-dan başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi; iyulun 15-dən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2020-ci il 12 may tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 2020-ci il aprelin 28-i müəyyən edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.