REGİONLAR
İyunun 20-dək 320 tona yaxın yaş barama təhvil verilib
Bakı, 20 iyun, AZƏRTAC
Respublikada yaş barama tədarükü davam edir. İyunun 20-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 319 ton 366 kiloqram yaş barama təhvil verilib.
AZƏRTAC xəbər verir ki, ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 58 ton 38 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (32 ton 336 kq), Balakən (31 ton 134 kq), Zaqatala (20 ton 611 kq), Bərdə (18 ton 725 kq) və Şəki (18 ton 353 kq) rayonları öndə gedir.
İyunun 19-da respublika üzrə tədarük məntəqələrinə 2 ton 966 kiloqram yaş barama təhvil verilib.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.