ELM VƏ TƏHSİL
İyunun 24-də Azərbaycan dili fənnindən imtahan verəcək şagirdlərin nəzərinə
Bakı, 16 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 24-də ikinci dəfə Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər:
1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 20-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini DİM-in saytında yerləşdirilmiş linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap etməlidirlər.
2. Mayın 20-də keçirilmiş imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;
3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.
2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini DİM-in saytında verilmiş linkdən çap etməlidirlər.
İştirakçılar buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim olunmalıdır.
Qeyd: Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticəsi 2 il qüvvədə olduğu üçün 2020-ci ildə keçirilən imtahandan 50 və daha yuxarı bal toplayan əvvəlki ilin məzunları bu imtahandan azaddırlar.