ELM VƏ TƏHSİL


“İzahlı İslam fəlsəfəsi terminləri” lüğəti nəşr edilib

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri” lüğəti nəşr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, lüğətə müsəlman filosofları tərəfindən işlənib-hazırlanmış terminlərin müəyyən hissəsi, klassik müsəlman fəlsəfi əsərlərində xatırlanan yunan, Roma mənşəli filosofların ərəb dilində göstərilmiş adları daxil edilib. Ümumilikdə lüğətdə 443 sözün izahı verilib.

Kitabda orta əsr müsəlman fəlsəfəsi, məntiqi, metafizika və psixologiyası, astronomiyasına aid terminlərin təkcə tərcüməsi deyil, həm də izahı verilib.

Lüğətdə terminlər ərəb əlifbasına uyğun sıralanıb. Məqsəd ərəbdilli mətnlərdə oxucunun qarşısına çıxan terminlərin lüğətdə asanlıqla tapılmasını təmin etməkdir. Əvvəlcə terminin ərəbcə yazılışı, sonra mötərizədə transkripsiyası, Azərbaycan dilindəki ekvivalenti, ərəbcə versiyasının dilimizin orfoqrafiya qaydalarına uyğun fonem transliterasiyası, hərfi mənası və nəhayət, izahı yer alır.

Lüğətin azərbaycandilli oxucu üçün əlçatanlığını təmin etmək məqsədilə kitabın sonunda terminlərin doğma dilimizdə indeks-siyahısı tərtib edilib. Həmin indeks-siyahıya müraciət etməklə oxucu istənilən sözü, termini lüğətdə tapıb lazımi məlumatı əldə edə bilər. Lüğət təkcə müsəlman fəlsəfəsi deyil, həm də ilahiyyat, islamşünaslıq və dinşünaslıq mütəxəssisləri üçün faydalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.