DÜNYA
İzmir zəlzələsindən zərər çəkənlərə yeni mənzillər verilib
İstanbul, 26 noyabr, AZƏRTAC
Bu günə qədər vətəndaşlarımıza nə söz vermişiksə hamısını yerinə yetirmişik. Bu gün təhvil verdiyimiz mənzillər də sözümüzün ağası olduğumuzun son nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir vilayətində keçən il baş verən zəlzələdə evlərini itirən vətəndaşlara yeni mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı bildirib.
İzmirdə ümumilikdə 741 mənzil və iş yerinin təhvil veriləcəyini bildirən Türkiyə Prezidenti deyib: “Biz şəhərlərimizdə bu işləri görərkən və xidmət göstərərkən əsla ayrı-seçkilik etmədik. Yeganə meyarımız ölkəmizin və vətəndaşlarımızın duyduqları ehtiyac olub”.
Ölkəsinin dünyada təbii fəlakətlərə ən sürətli, təsirli və praktiki cavab tədbirləri sisteminə malik olduğunu deyən Türkiyə Prezidenti İzmir, Elazığ, Malatya vilayətlərində olduğu kimi baş vermiş bütün təbii fəlakətlərə qarşı mübarizənin dəqiqələr, saatlar içində başlandığını vurğulayıb.
Qeyd edilib ki, İzmir zəlzələsindən sonra dərhal Bayraklıda 1391 yaşayış evi və 302 mağaza, rezerv ərazidə isə 3649 yaşayış evi və 511 mağaza tikmək üçün dərhal hərəkətə keçilib. İlkin mərhələdə 596 mənzil və 145 mağaza zəlzələdən zərərçəkənlərə təhvil verilir. Tezliklə daha 741 mənzil və mağaza hazır olacaq. Təkcə bu üç sahəyə 750 milyon türk lirəsi investisiya qoyulub.
Xatırladaq ki, 2020-ci il oktyabrın 30-da Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. İzmir vilayətinin Səfərihisar rayonu yeraltı təkanlardan ən çox zərərçəkən bölgə olub. Cəmi 16 saniyə davam edən yeraltı təkan nəticəsində 117 nəfər həlak olub, 1034 nəfər yaralanıb, çox sayda yaşayış binası və iş yeri dağılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul