MƏDƏNİYYƏT
İzmirdə “Şuşa İli” çərçivəsində “Gənclərə dəstək” layihəsinin konserti
Bakı, 20 may, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasında Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konsertdə dahi bəstəkar Fikrət Əmirovun əsərləri səsləndirilib. Konsertin solistləri "Gənclərə dəstək" layihəsi iştirakçıları, respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri idi. Qeyd edək ki, layihənin rəhbəri Xalq artisti, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, koordinatoru isə musiqişünas Ayla Kərimova-Zəkəriyyədir.
Həmçinin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İzmirdə Suat Taşer Sanat Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi iştirakçılarının "Şuşa İli" çərçivəsində konserti keçirilib.
Proqramda respublika və beynəlxalq müsabiqələr laureatları Nurlanə Abdullazadə (vokal), Zümrüd Məmmədova (xanəndə), Zəminə Babayeva Yalçın (qanun), Nuranə Əliyeva (piano), Elçin Hetəmli (tar), Surə Rüfət (violin) və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı alətləri orkestrinin artisti qanun ifaçısı Natəvan Həsənova və onun tələbələri İlkanə Cəfərova, Təhminə Əlixanova, Ülviyyə Dadaşova, Zilhiccə İsmayılova tamaşaçılara biri-birindən gözəl ifalar təqdim ediblər. Bütün iştirakçıları konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyeva müşayiət edib.
Tədbirin koordinatorları - Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasının doktorantı, qanun ifaçısı Zəminə Babayeva Yalçın idi.
Onu da qeyd edək ki, Zəminə Babayeva Yalçının xaricdə “Türkiyə və Azərbaycan musiqisində qanun ifaçılığı” adlı kitabı nəşr edilib.
Konsertin sonunda Zümrüd Məmmədovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirilib və iştirakçılar diplom və təşəkkürnamələr ilə təltif olunublar. “Halk Eğitimi Merkezi”nin direktoru Suat Korkmaz "Gənclərə dəstək" layihəsinin təşkilatçılarına, Mədəniyyət Nazirliyi və Akademik Filarmoniyaya təşəkkürünü bildirib.
Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası rəhbərliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Gənclərə dəstək" layihəsi 2016-cı ildən həyata keçirilir. Ötən müddətdə gənc musiqiçilərə sənət yolunda dəstək olan layihə üzrə çoxsaylı konsertlər təşkil edilib.