QAN YADDAŞI
İzmit bələdiyyəsi Xocalı soyqırımının ildönümünü qeyd edib
Bakı, 24 fevral, AZƏRTAC
Kocaeli şəhərinin İzmit rayonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri təşkil olunub.
Anım tədbirində İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin müdiri Azər Quliyev, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, digər türkdilli ölkələrin gəncləri, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən İzmit bələdiyyəsinin sədri Nevzat Doğan bildirib ki, Xocalı faciəsi bütün türk dünyasının sağalmaz yarasıdır. Azərbaycanın ağrısı həm də Türkiyənin ağrısıdır.
Xocalı soyqırımının heç zaman unudulmayacağını deyən bələdiyyə sədri şəhidlərimizin ruhuna daim dualar etdiklərini bildirib. Xocalı soyqırımı abidəsinin Türkiyədə ilk dəfə İzmitdə yaradıldığını deyən Nevzat Doğan vurğulayıb ki, bu gün ölkəsinin şəhər və rayonlarında şəhidlərimizin xatirəsinə anım abidəsi ucaldılır.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında qeyd edib ki, erməni terrorçularının törətdiyi bu soyqırımı heç zaman insanların yaddaşından silinməyəcək. İyirmi altı il keçməsinə baxmayaraq, Xocalı soyqırımının vəhşəti insanlarda ermənilərə qarşı nifrəti getdikcə daha da artırır.
Qardaş Türkiyə də bu dərdi Azərbaycanla birlikdə yaşayır. Erməni terrorunun acı nəticələri istər Azərbaycanda, istərsə də Türkiyədə gələcək nəsillərə çatdırılmalıdır. O vurğulayıb ki, İzmit bələdiyyəsinin Xocalı şəhidlərinin xatirəsinə inşa etdirdiyi abidəsi gənclər üçün yaxşı məlumat mənbəyidir.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib ki, ermənilər fevralın 25-dən 26-na keçən gecə uşaq-böyük demədən Xocalı şəhərində amansız soyqırımı törədiblər. Lakin beynəlxalq təşkilatlar və dünya dövlətləri bu amansız qətliamın səbəbkarlarını cəzalandırmağa tələsmirlər. Tam əskisinə, onlar dünya tarixində baş verməyən bir hadisəyə ermənilərin yalanı əsasında soyqırımı adı verməyə çalışırlar. Bu səbəbdən bütün türk dövlətləri bir araya gəlib Xocalı soyqırımını dünyaya qəbul etdirməlidirlər.
Tədbirdən sonra Xocalı abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.