DÜNYA
JAK ŞİRAK D”ARTANYANIN EVİNDƏ YAŞAYACAQ
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, Fransa Prezidenti Jak Şirak Yelisey sarayından Luvrla üzbəüz yerləşən mənzilə köçməyə hazırlaşır. O, pensiyaya çıxdıqdan sonra burada yaşamaq niyyətindədir. Mənzil Sena çayının sol sahilində, Volter sahil bağındakı qədim evlər məhəlləsindədir. Buradakı evlərin hamısının birinci mərtəbəsində rəsm qalereyaları və antikvar dükanları yerləşir.
J.Şirakın məskunlaşacağı evin qarşısında vaxtilə Fransa kralı muşketyorlarının əsas kazarması yerləşirdi. Aleksandr Dümanın ədəbi qəhrəmanının prototipi olan əfsanəvi Bats-Kastelmor d”Artanyan burada yaşamışdır. Parisdəki mənzillərini tez-tez dəyişən Aleksandr Dümanın özü də vaxtilə həmin evin yanında yaşamışdır.
Luvr sarayı ilə Sena çayının sol sahilini 1831-ci ildə inşa edilmiş “Karusel” adlı 168 metrlik möhtəşəm körpü birləşdirir. Körpünü Məhəbbət, Bolluq və Sənaye rəmzi olan alleqorik fiqurlar, habelə Sena çayının və Paris şəhərinin rəmzi olan qadın heykəlləri bəzəyir. Şiraklar ailəsinin seçdiyi evin iki mərtəbəsində yerləşən mənzilin sahəsi 180 kvadratmetrdir. Yelisey sarayından bildirmişlər ki, mənzilin kirayə, yaxud alınması haqqını nə dövlət, nə də Şiraklar ailəsi ödəyir. Planetimizin ən zəngin adamlarından biri sayılan, 2005-ci ildə Beyrutda terrorçuların qətlə yetirdikləri Livanın Baş naziri Rəfiq Həririnin oğlu Ayman Həriri mənzili Jak Şiraka və onun xanımı Bernadettə müvəqqəti istifadəyə vermişdir. Onun atası J.Şirakın yaxın dostu idi.
J.Şirakın prezidentlik səlahiyyətləri mayın 16-da bitir. Hazırda yeni mənzildə təmir işləri aparılır, Şiraklar ailəsinin əşyaları buraya daşınır.
J.Şirakın tutduğu vəzifələrə müvafiq olaraq, onun ailəsi 1974-cü ildən dövlət imarətlərində - Paris merinin və baş nazirin iqamətgahlarında, daha sonra Yelisey sarayında yaşamışdır. J.Şirakın daimi mənzilinin harada yerləşəcəyi hələlik məlum deyildir. Yelisey sarayından bildirmişlər ki, onun mənzilinin haqqı dövlət tərəfindən ödənilməyəcəkdir. Reqlamentə görə, sabiq prezidentin yalnız iş kabinetinin haqqı ödəniləcəkdir. Kabinet Fransa Milli Məclisinin yaxınlığında yerləşəcəkdir.
Şiraklar ailəsinin Korez departamentində 500 min avro dəyərində kiçik qəsri, bank hesablarında 74 min avro vəsaiti var. Onların daşınmaz əmlakı 580 min avro, incəsənət əsərləri və qədim mebelləri isə 200 min avro məbləğində qiymətləndirilir.