DÜNYA
JAK ŞİRAK PREZİDENT SEÇKİLƏRİNDƏ QALİB GƏLDİ
Jak Şirak Fransada keçirilmiş prezident seçkilərində qalib gəlmişdir. O, bazar günü səslərin 82,06 faizini toplamışdır. Dənizaşırı ərazilər – Qvadelupa, Martiniki, Qviana və Polineziya istisna olmaqla, səslərin hesablanması başa çatmışdır.
Beləliklə, Jak Şirak Beşinci respublikanın bütün tarixi ərzində elektoratın əksəriyyətinin dəstəyini qazanaraq, ikinci dəfə dalbadal prezident mandatını almışdır. Doğrudur, bu dəfə dövlət başçısının səlahiyyətləri 7 ildən 5 ilədək azaldılmışdır. Onun opponentini – sağçı populist Jan-Mari Le Peni seçicilərin 17,94 faizi dəstəkləmişdir. Seçkilərin yekun nəticələri yaxın on gün ərzində elan ediləcəkdir. Jak Şirakın indiki prezident mandatının müddəti mayın 17-də başa çatır.
Jak Şirak seçkilərin ilkin nəticələri elan edildikdən dərhal sonra Parisin mərkəzindəki Respublika meydanına gəlmişdir. O, burada keçirilən mitinqdə çıxış edərək, onu dəstəklədiklərinə görə hamıya minnətdarlığını bildirmiş və respublika dəyərlərini möhkəmləndirmək uğrunda mübarizəyə çağırmışdır.
Seçkilərin nəticələri elan edildikdən dərhal sonra Jak Şirakın qələbəsi ilə bağlı ilk rəylər bildirilmişdir. İTAR-TASS-ın verdiyi xəbərə görə, Avropa Birliyinin rəhbərliyi bu qələbəni alqışlamışdır. Avropa Komissiyasının sədri Romano Prodi demişdir ki, Fransa xalqı ekstremizm və təcridçilik ideyaları daşıyıcılarını rədd edərək bir daha sübut etdi ki, o, Avropanın ürəyi olmuşdur və indi də ürəyidir”. Avropa Parlamentinin başçısı Pat Koks isə Jak Şirakın yenidən seçilməsini “Fransanın və bütün Avropanın ümumi qələbəsi” kimi qiymətləndirmişdir.
Jak Şirakın qələbəsi ilə başa çatmış prezident seçkiləri dərhal aparıcı partiyaların və siyasi liderlərin parlament seçkilərinə hazırlığı ilə əvəz olunmuşdur. Parlament seçkiləri iyunun 9-u və 16-da keçiriləcək və Fransanın bütün siyasi sistemi üçün prinsipial əhəmiyyətə malikdir. Jak Şirak Respublika meydanında öz tərəfdarlarının mitinqində bildirmişdir ki, gələcək parlamentdə iqtidar çoxluğunu qazanmaq məqsədi ilə sağ mərkəzçi partiyaların vahid cəbhəsini yaratmaq üçün lazımi addımlar atmağa hazırdır.