İQTİSADİYYAT
JTI şirkəti Azərbaycanda sayca altıncı su təchizatı layihəsi həyata keçirib
Bakı, 19 sentyabr, AZƏRTAC
Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, sayca altıncı olan layihə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şamaxı rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.
Açılış mərasimində çıxış edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov və MQF-nin prezidenti Rauf Zeyni layihə haqqında məlumat verib və layihənin əhəmiyyətini qeyd edərək onun icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər. Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roberts İnapss JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, MQF-yə əməkdaşlığa görə təşəkkür edib və belə layihələrin davam etdiriləcəyini bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.
Su təchizatı qurğusunun ümumilikdə qəsəbə və ondan kənarda yaşayan beş minə qədər insanı içməli su ilə təchiz edəcəyi gözlənilir. Təxminən üç ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və dörd tonluq çən quraşdırılıb.
2014-cü ildən başlayaraq JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Lerik, Balakən və Yardımlı rayonlarının müxtəlif kənd və qəsəbələrində içməli su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 25 minə yaxın insan içməli su ilə təmin edilib.