SİYASƏT


Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu

Bakı, 8 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhbusun koronavirusla əlaqədar əfv edilməsi təkcə humanizm deyil, həmçinin yaşlılara hörmət və diqqətin parlaq nümunəsi, hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputat qeyd edib ki, məhkumların əfv edilməsi ümummilli lider Heydər Əliyevin yaratdığı hüquqi-humanist ənənələrin davamıdır və xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Çünki koronavirusun yaratdığı çətin günlərdə imzalanan bu əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu. Dövlətimizin başçısı vətəndaşlara daim böyük diqqət və qayğı göstərib, çətin günlərdə hər zaman onların yanında olub. Azərbaycanda əfv sərəncamlarının imzalanması ənənəvi hal alıb.

“Əfv Sərəncamı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlərboyu formalaşdırdığı, bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir ki, bu da özlüyündə xüsusi qiymətləndirilməli hadisədir. Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlamlığı ciddi təhdid altındadır. Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir, onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

J.Əhmədova əlavə edib ki, koronavirusun bütün dünyada ağır fəsadlara yol açmasına baxmayaraq, Azərbaycanda vəziyyət tamamilə nəzarət altındadır. Prezident İlham Əliyevin vaxtında və müdrikcəsinə qəbul etdiyi qərarlar ölkəmizdə koronavirusun geniş vüsət almamasını şərtləndirən əsas amillərdəndir. Mövcud imkanların vəhdəti, nümayiş etdirdiyimiz milli həmrəylik, habelə həkimlərimizin peşəkarlığı və gərgin əməyi Azərbaycanın bu vəziyyətdən minimal itkilərlə çıxmasına şərait yaradır. Bu proses bir daha onu sübut etdi ki, Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır.

Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını bildirən deputat qısa müddət ərzində ölkəmizdə tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlamasını təqdirəlayiq hal hesab olunduğunu bildirib. “Nəzərə alaq ki, bu, həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını tam aradan qaldırır və gələcəkdə ölkəmizin ixrac potensialını artıra bilər. Bu, həm də onu göstərdi ki, Azərbaycandakı infrastruktur qısa müddət ərzində istehsalatın təşkilinə imkan verəcək səviyyədədir”, -deyə Milli Məclisin deputatı əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.