İDMAN
Jalə Əliyeva: Avroliqanın final matçı bir daha sübut etdi ki, Azərbaycan belə yarışların keçirilməsinə hər zaman hazırdır VİDEO
Bakı, 31 may, AZƏRTAC
Paytaxtımız on minlərlə futbol azarkeşini qəbul etdi. Bu fakt bir daha özünü təsdiqlədi ki, Azərbaycan regionun inkişaf etmiş sabit ölkəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.
Deputat qeyd edib ki, dünya ictimaiyyəti gördü ki, Azərbaycan tolerant və hüquqların qorunduğu bir ölkədir. Hər dəfə olduğu kimi, bu dəfə də ölkəmizin əleyhinə qarayaxma kampaniyaları təşkil edildi. Bu, erməni lobbisinin Azərbaycana qarşı apardığı informasiya müharibəsidir. Erməni dəyirmanına su tökən qüvvələrin bu cür gülünc əməlləri artıq adi hal alıb. Azərbaycan əleyhinə səsləndirlən belə yalan fikirlərə dünya ictimaiyyəti də əhəmiyyət vermir. Bütün bunları həm də UEFA Avropa Liqasının final oyununa on minlərlə azarkeşin gəlməsi sübut etdi.
Deputat əlavə edib ki, final matçı yüksək səviyyədə təşkil olundu və ölkəmizə gələn qonaqlar da razı qaldılar. Bu, bir daha sübut etdi ki, Azərbaycan belə yarışların keçirilməsinə hər zaman hazırdır.
Jalə Əliyeva qeyd edib ki, ölkəmizin inkişafını gözü götürməyənlər çirkin kampaniyalarla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanda iqtidar ilə xalq arasında monolit birlik var. Bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti Azərbaycan xalqı dəstəkləyir.