DÜNYA


Jan-Klod Yunker: Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyü perspektivi ciddi qəbul olunmalıdır

Vyana, 6 oktyabr, AZƏRTAC

Qərbi Balkan ölkələrinin Avropa İttifaqına (Aİ) real üzvlük perspektivi həmin regionda sabitlik üçün əsas şərtdir. Əgər Aİ ölkələri Bosniya və Herseqovina, Albaniya, Serbiya, Makedoniya, Monteneqro və Kosovonun üzvlük perspektivlərini ciddi qəbul etməsələr, bu, gələcəkdə həmin regionda yeni silahlı münaqişələrə yol aça bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avstriyaya səfəri çərçivəsində ölkə parlamentində çıxışında bildirib. O deyib: “Əgər Avropanın yüksək dərəcədə mürəkkəb landşaftında Qərbi Balkan ölkələrinin üzvlük perspektivi ilə bağlı düşüncələrin ciddi olmaması təəssüratı yaranarsa, o zaman nə vaxtsa və bəlkə də çox yaxında 90-cı illərdə Balkanlarda yaşadığımızla təkrar qarşılaşa bilərik”.

Bununla belə, komissiya rəhbəri həmin ölkələrin Aİ üzvlüyünə gedən yollarının hələ uzun olduğunu da söyləyib. O, üzvlüyə qədərki aralıq zamanda iqtisadi zona yaradılmasını və həmin ölkələrin həmin zonada özlərini qismən də olsa üzv ölkə kimi hiss etmələri imkanı verilməsini təklif edib.

Qeyd edək ki, keçmiş Yuqoslaviya ölkələrindən Sloveniya və Xorvatiya artıq Aİ üzvləridir. Serbiya və Monteneqro ilə Aİ arasında rəsmi şəkildə üzvlük danışıqları aparılır. Albaniya və Makedoniya isə hələlik namizəd statusundadırlar. Bosniya və Herseqovinanın və Kosovonun üzvlüyə uzanan yolu daha uzundur, onlar hazırda yalnız “potensial namizəd” statusundadırlar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.