DÜNYA
Jan-Klod Yunker: Rumıniya Şengen məkanının bir hissəsi olmalıdır
Buxarest, 11 yanvar, AZƏRTAC
Avropa Komissiyasının sədri Jan-Klod Yunker Rumıniyanın Avropa İttifaqı Şurasında sədrliyə keçməsi ilə əlaqədar təşkil olunan mərasimdə bildirib ki, ölkə Şengen məkanının bir hissəsi olmalıdır. Sədr Şengeni Rumıniyasız natamam gördüyünü deyib. J.Yunker qeyd edib ki, Avropa İttifaqı Şurasına sədrliyi zamanı digər Aİ ölkələri Rumıniyaya yardımını əsirgəməyəcək.
Qeyd edək ki, Avropa İttifaqının yalnız 22 üzvü Şengen sazişinin üzvləridir. Böyük Britaniya, İrlandiya və Kipr Şengenə daxil deyil, Bolqarıstan, Rumıniya və Xorvatiya isə məkana daxil olmaq üzrədirlər. Rumıniya və Bolqarıstandan Şengen məkanına üz tutan üçüncü ölkələrin vətəndaşları Şengen vizası almalıdır. Eyni zamanda, Rumıniya və Bolqarıstan Avropa İttifaqı ilə Kanada və ABŞ arasında imzalanmış vizasız rejimdən bəhrələnə bilmirlər. Buna səbəb, vizasız gediş-gəliş sazişinin yalnız Şengen məkanına daxil olan Aİ ölkələrinə aid olmasıdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest