SİYASƏT


Jan-Lük-Reytzer: Azərbaycanın haqlı olduğunu sübut edən BMT qətnamələri var

Paris, 22 oktyabr, AZƏRTAC

Sədaqətli olduğum üçün kiminsə tərəfini tutmayacaq, kimin haqlı və ya kimin səhv etdiyini deməyəcəyəm. Ancaq Azərbaycanın haqlı olduğunu sübut edən BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Bu qətnamələr təsdiqləyir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməlidir. Azərbaycanın tələblərini dəstəkləyən hüquqi əsaslar mövcuddur.

Mətbuatda bəzən deyilir ki, Dağlıq Qarabağda əsasən ermənilər yaşayırlar. Ancaq Dağlıq Qarabağda ermənilərin əksəriyyət təşkil etməsinin səbəbi milyonlarla azərbaycanlının bu torpaqlardan qovulmasıdır. Çoxları bilmədikləri məsələlərdən danışır. Azərbaycan Prezidentinin qaçqınların şəraitini yaxşılaşdırmaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, çətin şəraitdə, müvəqqəti yaşayış evlərində yaşayan minlərlə azərbaycanlı qaçqın var. Mən qaçqın düşərgələrində onları ziyarət etmişəm. Bunu untmamalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Milli Assambleyasının deputatı, Xarici işlər komissiyasının üzvü Jan-Lük Reytzer “Bourse Plus” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, hər şeydən əvvəl, Fransa münaqişənin həlli prosesində həqiqi rol oynamalıdır. Fransa Minsk qrupunun üzvüdür. Əgər bu gün Türkiyə bu münaqişənin həlli prosesinə qoşulubsa, demək Minsk qrupu üzərinə düşən işin öhdəsindən gələ bilməyib. Bu qrup ədalətli və davamlı həll yolu tapmaq, gərginliyi aradan qaldırmaq üçün təzyiq göstərməli idi. Mövcud vəziyyətə görə hamımız məsuliyyət daşıyırıq. Əziyyət çəkən mülki şəxslər üçün tezliklə atəşkəsə nail olmalı, hər bir tərəfin bu münaqişədən başıuca çıxmasına imkan vermək üçün real danışıqlar aparmağı bacarmalıyıq.

“Çoxları vəziyyəti bilmədən danışır. Azərbaycan dünyəvi, düzgün istiqamətdə irəliləyən bir ölkədir. Fransada insanlar əsl vəziyyəti bilmirlər. Azərbaycanlılar böyük xalqdır və dini səbəblərə görə ölkədəki sabitliyi pozmaq istəyən qonşuları var. Deməli, bu bölgədə tarazlığın və sabitliyin yolunu tapmaq özü qəhrəmanlıqdır. Azərbaycan uzun illərdir məhz bu bacarığını göstərir və həyata keçirir. Mənim üçün seçim sadə və aydındır: Azərbaycan əvəzinə islam respublikası istəyirikmi? Yaxud bu xalqın yaşamağa davam edə və ərazi bütövlüyünü səmərəli şəkildə bərpa edə biləcəyini qəbul edirikmi? Fikrimcə, bu gün əsas məsələ budur. Ermənistanla Azərbaycan arasında dini müharibə yoxdur. Doğrudan da haqlı olduğuna inanan bir xalq üçün bu, ərazi və milli suverenlik müharibəsidir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının bir neçə iclası ilə Azərbaycana haqq qazandırbsa, deməli, bunun üçün əsaslı dəlilləri olub”, - deyə J.-L.Reytzer vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.